Pul qoymadan pul qazanmaq üçün – 10 İdeya
Pul qoymadan pul qazanmaq ideyaları!
Məqalənin mündəricatı.
XXI əsrin başlanğıcından bu yana dünyanın inkişaf xəritəsi texnologiya, elm və qloballaşmanın sürətli irəliləyişi ilə yeni rənglərə boyanıb. Əsrimiz sonsuz süni intellekt alətləri və vasitələri ilə zəngin olan rəqəmsal dövrdür. Rəqəmsal əsr öz növbəsində insanların karyera hədəflərində də yeni tendensiyalar formalaşdırır. Belə ki, artıq fiziki olaraq çalışmaqla müqayisədə onlayn pul qazanmaq anlayışı getdikcə daha çox populyarlaşır. İnsanlar gəlirlərini artırmaq və ya öz istəklərinə uyğun karyera yolu yaratmaq üçün investisiya etmədən pul qazanmağın ən asan yollarını axtarırlar. İnternetdən pul qazanmaq da öz növbəsində insanlara bir çox üstünlüklər qazandırır. Öz istedad və bacarıqlarını tətbiq edərək, yaxud inkişaf etdirərək sıfır investisiya ilə pul qazanmaq imkanı yaradır. Bu dəfəki məqaləmizdə pul xərcləmədən pul qazanmaq ilə bağlı ideyalar haqqında danışacağıq.
Avtomobilə pul qoymadan pul qazanmaq
Nəqliyyat vasitəsi sahiblərinin pul qoymadan pul qazanmaq imkanları genişdir. Taksiçilik, yüklərin daşınması kimi xidmətlərlə yanaşı, həm də avtomobilin üzərinə şirkətlərin reklamlarını yerləşdirərək pul qazanmaq mümkündür. Daha çox restoranlar, tur şirkətləri, sığorta agentlikləri kimi şirkətlər avtomobillərin üzərinə reklam yerləşdirilməsinə maraqlıdır. Çünki avtomobillər hər gün minlərlə insanın rahatlıqla görə biləcəyi ideal reklam mənbələridir. Buraya avtomobillərlə yanaşı, yük maşınları, avtobuslar, motoskletlər və s. də aid edilə bilər. Əgər şəxsi nəqliyyat vasitəniz varsa, Azərbaycan Dövlət Reklam Agentliyinin tələblərinə uyğun şəkildə reklamlar yerləşdirib, pul qazana bilərsiniz.
Kirayə verərək pul qoymadan pul qazanmaq
Yuxarıda avtomobildən danışmışkən mövzuya elə bu istiqamətdən başlamaq yerinə düşər. Şəxsi nəqliyyat vasitənizi (velosiped, motosklet, avtomobil və s.) kirayə verərək gəlir əldə etmək mümkündür. Həmçinin evinizi, evinizin otaqlarını da eyni formada kirayə verməklə pul xərcləmədən pul qazana bilərsiniz. İnsanlar tətilə gedərkən, yaxud təcili işləri çıxarkən kirayə maşın və ev axtarmağa üstünlük verirlər. Bundan başqa əgər maşın qarajı üçün boş yeriniz varsa, əlavə daşınmaz əmlak sahibinizsə, insanlara nəqliyyat vasitələrini saxlamaq, market, restoran açmaq və ya digər məqsədləri üçün məkan təklif edə bilərsiniz.
“Mən olsam, …” cümləsini tamamlayaraq pul qoymadan pul qazanmaq
Pul qazanmağın ən asan yolu yaradıcılıq qabiliyyətini işə salmaqdır. Sözləri muncuq kimi cümləyə düzürsünüzsə, vizual və videolar üçün ən optimal rəngləri, kadrları seçə bilirsinizsə, yaxud daha güclü yaradıcılıq qabiliyyətiniz varsa siz çalışmadan da pul qazana bilərsiz. Qarşınıza çıxan markaların məhsullarına baxdıqda “Mən olsam, belə yazardım, deyərdim…” kimi cümlələr tez-tez qurursunuzsa bank kartınızın rəqəmlərini yazmağa başlayın. Sosial şəbəkələrdə, bir çox onlayn platfomalarda şirkətlər və sahibkarlar brend adı, sloqan, şüar, loqo və s. hazırlaya biləcək şəxsləri əməkdaşlığa dəvət edir. Təbii ki, pul mükafatı qarşılığında. Bunun üçün “Toptal”, “Jooble”, “Freelancer.com”, “Upwork”, “Flexjobs”, “SimplyHired”, “Guru”, “LinkedIn”, “Behance” kimi frilans çalışa biləcəyiniz saytlara üz tuta bilərsiniz.
Kreativ yanaşma ilə pul qoymadan pul qazanmaq
Gary Dahl adlı reklam direktoru bir gün barda dostları ilə əylənərkən dostlarının ev heyvanlarından şikayətlərini dinləməli olur. Bəzən şikayət edərək pul qazanmaq barədə unikal ideyalar kəşf etmək mümkündür. Beləliklə, onun ağlına mükəmməl “ev heyvanı” yaratmaq ideyası gəlir. O, qidalanmasına, gəzməsinə, çimdirilməsinə və qayğısına qalmağa ehtiyacı olmayan, həmçinin ölməyəcək və xəstələnməyəcək ev heyvanı oaln “Pet Rock”ları satışa təqdim edir. Bu anladığınız kimi, insanlara karton qutuda qaya parçaları “ev heyvanı” olaraq satılmağa başladı. Gary Dahlın bu ideyası ona milyon dollar qazandırdı.
Nümunədən anlayırıq ki, kreativ ideyalar tapmaq və ona uyğun məhsul, xidmət satışa çıxarmaq pul qazanmağın ən asan yollarından biridir. Satacağınız məhsulu və xidməti təqdim etmək tərzi önəmlidir. Məsələn, “Qovsanız belə, sizə sadiq qalacaq ev heyvanı” kimi təqdim etdiyiniz məhsul insanları duyğulandıra və satışları gücləndirə bilər.
Kreativ yanaşma daha çox şirkətlərdə rəqəmsal marketinq komandasının payına düşür. Sosial mediadan istifadə edərək cəlbedici, diqqət çəkən, kopyalanmamış mətn və vizuallar bu işin ən önəmli parçalarındandır.
Video və şəkil çəkərək pul qoymadan pul qazanmaq
Bildiyiniz kimi, günümüzdə orijinal şəkil və videolar paylaşaraq pul xərcləmədən pul qazanmaq üçün sonsuz imkanlar var. Bunun üçün müvafiq saytlarda təbiətlə, şəhərlərlə, küçələrlə, insanlarla və digər mövzularla bağlı çəkilişlər aparıb sayta yükləsəniz, qiymətini əlavə etsəniz, mütləq ki, göz oxşayan vizuallara və video görüntülərə pul ödəmək istəyən şəxslər olacaq.
Həmçinin getdiyiniz restoranlar, onların menyu və dizayn konseptləri, xidməti barədə, məşğul olduğunuz iş sahələri, kəşf etdiyiniz yeni məkanlar və s. haqqında da materiallar hazırlayıb paylaşa bilərsiniz. Müvafiq materialları hazırlayarkən isə şirkətlərlə, restoranlarla öncədən ödənişləri danışa bilərsiniz. Yaxud istifadəçilərə ödəniş qarşılığında göndərə bilərsiniz. İstifadəçilərə ödəniş qarşılığında hazırlaya biləcəyiniz bu cür materiallar üçün auditoriya olaraq müəllimləri, şagirdləri, tələbələri seçə bilərsiniz. Məsələn, “Excel” proqramında işləməklə bağlı təlim videosu çəkib bunu müxtəlif şirkətlərdə çalışan şəxslərə, müəllimlərə, tələbələrə təklif etsəniz, onlar bunu ala bilərlər.
Sosial media qruplarından pul qoymadan pul qazanmaq
Son dövrlər “Whatsapp” qruplarından pul qazanmaq tendensiyası geniş yayılmışdır. Belə ki, müəyyən şəxslər tərəfindən müxtəlif mövzularda məlumatlar, nəticələr, tələbələr üçün test cavabları və digər bütün növ problemləri və məlumatları paylaşan qruplar yaradılır. Qruplara qoşulmaq üçün aylıq, illik abunə haqqı tələb olunur. Qrup üzvləri çoxaldıqda pul xərcləmədən pul qazanmaq getdikcə daha da asanlaşır. Eyni tendensiyanı “Telegram”, “Facebook” kimi digər sosial media vasitələrində də təbiq etmək mümkündür. İdeya olaraq məsələn, həftənin müəyyən günlərində yaratdığınız qruplarda bilik yarışı keçirə bilərsiniz. Müxtəlif müsabiqə və yarışlar insanlar tərəfindən daim maraqla qarşılanır.
Anket sorğuları dolduraraq pul qoymadan pul qazanmaq
Ölkəmizdə istifadəçilərin ixtiyarında olan fikrim.az saytında müxtəlif sorğuları cavablayaraq pul qazanmaq mümkündür. Saytda yeni qeydiyyatdan keçən zaman istifadəçilərin hesabına bonus məbləği (təxminən 2,25 manat) əlavə olunur. Bonus məbləğini hesaba köçürmək üçün isə minimum 10 manat məbləği toplamalısınız. Suallara görə qazanılan bonus məbləğininin həcmi də dəyişir. Bundan başqa, JustAnswer, HelpOwl.com, Weegy kimi xarici saytlarda da sualları cavablayaraq pul qazanmaq mümkündür. Ancaq maksimum şəkildə etibarlı mənbələrə daxil olmağa üstünlük verin.
Satış edərək pul qoymadan pul qazanmaq
Satış bacarığınızın güclü olduğunu düşünürsünüzsə, əlavə xərc çəkmədən rahatlıqla pul qazana bilərsiniz. Evinizdə olan köhnə əşyaları, avadanlıqları, paltarları, yaxud mağazalarda satılan məhsulları alıb sataraq gəlir əldə edə bilərsiniz. Həmçinin müvafiq məhsulları onlayn mağazalarda yerləşdirmək, sosial media kanallarında paylaşaraq da satmaq mümkündür.
Bundan başqa, peşənizə uyğun xidmət və məhsulları müxtəlif satış kanalları vasitəsilə həm yerli, həm qlobal bazara çıxara bilərsiniz. Məsələn, fotoqrafsınızsa müəllifi olduğunuz şəkilləri, rəssamsınızsa portretlərinizi, jurnalistsinizsə məqalələrinizi və s.
Səsləndirmə edərək pul qoymadan pul qazanmaq
Ölkəmizdə reklam bazarı genişləndikcə müxtəlif markaların öz məhsul və xidmətlərini daha geniş auditoriyaya çatdırmaq hədəfləri də güclənir. Markalar öz sektorlarındakı digər brendlərlə rəqabətdə qalib gəlmək üçün davamlı olaraq müxtəlif reklam çarxları və videoları hazırlayaraq yayımlayır. Bu zaman isə onlara səsləndirmə etmək və ya videolarda yer almaq üçün bacarıqlı şəxslər lazım olur. Əgər səlis nitqə sahibsinizsə, ekran və ya mikrofon qarşısında rahat çıxış edə, obrazları canlandıra bilirsinizsə bu istiqamətlər üzrə karyeranızda yeni üfüqləri kəşf edə bilərsiniz. Birbaşa markalar və şirkətlərlə də əlaqə saxlamağınız mümkündür. Bundan başqa, müxtəlif onlayn platformalarda səs və video materiallarınızı əlavə edərək sata bilərsiniz.
Araşdırma edərək pul qoymadan pul qazanmaq
Günümüzdə yerli və beynəlxalq şirkətlərin əksəriyyətində araşdırmaçılara tələbat yüksəkdir. Şirkətlərin fəaliyyət növündən və digər səbəblərdən asılı olaraq araşdırmaq istiqaməti və növü fərqli ola bilər. Məsələn, rəqib analizi üçün araşdırmaçı, bazar araşdırmaçısı, məqalələrin hazırlanması üzrə araşdırmaçı və s. İlkin məqamda sizin öz bacarıqlarınıza, işləmək istədiyiniz istiqamətlərə və digər prioritetlərinizə uyğun araşdırma növünü təyin etməyiniz vacibdir. Növbəti mərhələdə isə buna uyğun şirkətləri, markaları və şəxsləri araşdırmaq, əlaqə saxlamaq və iş imkanlarını dəyərləndirmək işlərinizi asanlaşdıracaqdır. Bu araşdırmaları günümüzdə bazar tələblərinə uyğun olaraq süni intellekt vasitələri ilə onlayn formada hazırlayıb təqdim etmək mümkündür. Onlayn araşdırmaçı olaraq pul xərcləmədən pul qazanmaq üçün qlobal frilans iş elanlarının paylaşıldığı saytlara, “Linkedin”ə daxil olaraq “Data entry jobs”, “Data jobs” kimi axtarışlar etməyiniz kifayətdir.
Sonluq
Hər hansısa investisiya yatırımı etmədən onlayn pul qazanmaqla bağlı bir çox ideyalarla tanış olduq. Unutmayın ki, onlayn çalışaraq gəlir qazanmaq sizin kreativliyinizə, yaradıcılığınıza və bacarıqlarınıza, həmçinin məqsədyönlü olmağınıza bağlıdır. Cari və gələcək hədəflərinizi müəyyənləşdirmək bu istiqamətdə işlərinizin ilkin planını qurmağa yardım edəcək. Getdikcə rəqəmsallaşan dünyamızda pul qazanmaq indi daha asan, sürətli və əlçatandır. Vaxtınızı daha səmərəli istifadə edərək pul qazanmaq üçün məhsuldarlığınızı və bacarıqlarınızı artıra bilərsiniz. Hətta bunun üçün sonsuz sayda pulsuz kurslar da mövcuddur. Əsas odur ki, özünüzə və ideyalarınıza inanın, müntəzəm olaraq öyrənməyi və yeniliklərə uyğunlaşmağı unutmayın.
Müəllif: Aida İsaq, Budcedostu.az
Həmçinin oxu: Ən gəlirli xırda biznes necə qurmaq olar? – 9 İdeya