Pula qənaət etmək üçün ən effektiv yollar! -Forbes-dən 5 tövsiyə
Pula qənaət etmək üçün ən effektiv yollar!
Belə bir ifadə var. Pulun əsl dəyəri onun kəmiyyəti ilə deyil, idarə edilmə metodologiyası ilə ölçülür. Çünki, məbləğindən asılı olmayaraq, düzgün formada xərclənməyən pul vəsaitləri zaman keçdikcə ya tükənir, ya da gəlirliliyi azalır. Günümüzdə qida ehtiyaclarından tutmuş, əyləncəyə, qədər demək olar ki, istənilən növ fəaliyyətlərin həyata keçirilməsi müəyyən məbləğ müqabilinə başa gəlir. Bu nüans bizi bank hesabımızdakı vəsaitlərin düzgün və qənaətli şəkildə idarə olunmasına təşviq edir. Hətta sərvəti milyonlarla, milyardlarla ölçülən zəngin şəxslərin əksəriyyəti də qənaətli şəkildə xərcləməkdən yanadır. Onlar arasında maliyyə vəsaitlərinin düzgün idarə olunması haqqında tez-tez fikirlərini, tövsiyələrini bölüşən, bəzən isə öz uğurlu təcrübələrini qeyd edərək, insanları bu metodlardan yararlanmağa çağıranlar da kifayət qədərdir. Bəzən isə məşhurların gündəlik həyat tərzində də bunu müşahidə etmək mümkündür.
Məsələn, Facebook-un həmtəsisçisi və baş icraçı direktoru Mark Zukerberqin əksərən görünüşü çox sadə olan boz rəngli köynəkdən və ya kapüşonlardan istifadə etdiyi məlumdur. Onun zahirən sadə görünən qarderob seçimləri isə artıq xərclərə, zamana və enerjiyə qənaət edərək, daha vacib məsələlərə fokuslanmağa kömək etməsi ilə izah olunur. Deməli, xərclərə qənaət etmək həm cibimiz, həm də həyatımızın daha faydalı keçməsi üçün faydalıdır. Gəlin görək, dünyaca məşhur “Forbes” jurnalı pula qənaət etməklə bağlı hansı nüanslara əməl etməyi tövsiyə edir?
Qida məhsullarını alarkən necə pula qənaət etmək olar?
Ərzaq, qeyri-ərzaq kimi gündəlik həyatada istifadə etdiyimiz bir çox məhsullar büdcənizin böyük bir hissəsini əhatələyir. Ancaq mağazada ərzaq alış-verişi zamanı pula qənaət etməyin bir çox yolları vardır.
Endirimli mağazalardan və ya topdan satış mərkəzlərindən alış-veriş edin
Müxtəlif məhsullara mütəmadi olaraq endirimlər tətbiq edən mağazalara və ya topdan satış şəbəkələrinə üz tutmaq faydalıdır. Bu mağazalarda daha məhdud seçimlər olsa da, nəticə etibarı ilə bu, vaxtınıza və pula qənaət etməyə kömək edəcək.
Evdə xörək hazırlamağa üstünlük verin
Sobada bişən xörəyin evə yayılan ləzzətli qoxusu ailənizlə daha çox zaman keçirməyə, xərclərinizə qənaət etməyə, həmçinin, sağlamlığınızın qeydinə qalmağa yardımçı olacaqdır.
Münasib markalara üstünlük verin
Xüsusi bir fərq olmadığı təqdirdə almaq istədiyiniz məhsulu bahalı markalar əvəzinə, daha münasib brendlərdən əldə etmək məqsədəuyğundur. Bütün marketlərdə demək olar ki, vitrinlərdə hər bir büdcə seqmentinə xitab edən qiymətlərdə təklif olunan məhsullar yer alır.
Həftəiçi və ya həftəsonu endirimlərini dəyərləndirin
Adətən mağazalarda həftəiçi müəyyən günlər və ya həftəsonu müxtəlif endirim kampaniyaları elan olunur. Mütəmadi olaraq alış-veriş etdiyiniz mağazaların sosial media səhifələrini izləyərək, bu endirimləri dəyərləndirmək faydalı olacaqdır.
Kartla alış-veriş edərək, kəşbek qazanın
Bəzi mağazalarda qida məhsullarının özü, bəzi bank kartlarında isə ərzaq mağazalarından alış-veriş etmək əlavə kəşbeklər qazandırır. Məsələn, ölkəmizdə Kapital banka, Unibanka məxsus bank kartlarında bu funksiya aktivdir. Bu fürsəti mütləq dəyərləndirin.
Mağazaya getməzdən öncə siyahı hazırlayın
Bilirsiniz ki, mağazalar daha çox satış etmək məqəsdi ilə, vitrinləri olduqca gözoxşayan şəkildə hazırlayır. Bəzən səliqə, vizuallıq, yaxud reklam köşkləri belə insanı planda olmayan məhsulları əldə etməyə vadar edir. Odur ki, mağazaya getməzdən əvvəl ehtiyac olan ərzaqların yer aldığı siyahını hazırlamaq məqsədəuyğundur. Bu sizi əlavə xərclərlə üzləşməkdən xilas edəcəkdir.
Elektrik xərcləri üçün necə pula qənaət etmək olar?
Günümüzdə enerji tarifləri demək olar ki, hər il artmağa davam edir. Əksərən rayonlarda, təsərrüfat sahələrində sadəcə işıq sərfiyyatı üçün aylıq xərclənən məbləğlərdə rəqəm sayı üçdən başlayır. Odr ki, gəlin görək, elektrik xərcləri üçün necə pula qənaət etmək olar?
Elektrik yuvasından zərurət olduqda istifadə edin
Elektrikli cihazların şarj aləti elektrik yuvasında taxılı qalarkən istifadə edilmədikdə belə güc çəkməyə davam edir. Odur ki, pula qənaət üçün istifadə etmədiyiniz zaman şarj cihazlarınızı, oyun konsollarınızı, televizorlarınızı və s. elektrik yuvasından ayırın.
Enerjiyə qənaət edən lampalardan istifadə edin
LED lampaları ənənəvi lampalardan təxminən 70% daha az enerji sərf edir. Həmçinin, onlar 25 dəfəyə qədər daha uzunömürlü olur. Beləliklə, bu pula qənaət edərək, xərclərinizi ikiqat azaltmağa kömək edəcəkdir.
Elektriklə bağlılığı olan işlərinizi pik saatlara salmayın
Aylıq kommunal ödənişinizə qənaət etmək üçün pik saatlarda cihazlarınızdan (paltaryuyan, qabyuyan və s.) daha az istifadə etməyə üstünlük verin. Çünki, bəzən tələbatın az olduğu vaxtlarda daha aşağı tariflər tətbiq edilir.
Evinizi hava sızdırmasından qoruyun
Hava sızması istilik və soyutma sistemlərinizin işləmə potensialını artıraraq, nəticədə daha çox enerji sərfiyyatına gətirib çıxarır. Elektrik enerjisi xərclərinizin artmaması üçün qapı, pəncərə və havalandırma dəliklərində sızmanın olub-olmadığını yoxlayın.
Tavan ventilyatorlarından istifadə edin
Tavan ventilyatorları evinizdə havanın sirkulyasiyasını stimullaşdırır. Bu isə isti havalarda daha sərin, soyuq havalarda isə istiliyin təmin olunmasına kömək edir. Nəticədə, büdcənizə qənaət etmiş olursunuz.
Benzin xərclərinə necə qənaət etmək olar?
Nəqliyyat vasitələrini idarə edənlər üçün büdcənin aylıq hansı səviyyədə olmasından asılı olmayaraq, benzin almaq zəruri xərclər siyahısında yer alır. Təbii ki, bu istiqamətdə olan xərclərinizi azaldaraq, pula qənaət etməyin də bir neçə yolu var.
Nəqliyyat vasitənizi sürətli sürməkdən imtina edin
Nəqliyyat vasitəsinin idarə edilmə sürəti benzin istehlakına əhəmiyyətli dərəcədə təsir edir. Anidən sürətli hərəkətə keçid nəinki əlavə benzin sərfiyyatına səbəb olur, həm də nəqliyyat vasitənizi sıradan çıxardır.
Nəqliyyat vasitənizin qayğısına qalın
Nəqliyyat vasitənizə yaxşı qulluq etmək həm də yanacaq istifadənizi optimallaşdırmağa yardımçı olur. Düzgün doldurulmuş təkərlər, müntəzəm yağ dəyişikliyi və s. xərclərinizə qənaət etməyi təmin edir.
Avtomobilinizi başqalarıyla paylaşın
Avtomobilinizi paylaşmaq benzin xərclərinə qənaət etmək üçün yanacağın qiymətini bölüşdürməyə imkan verir. Belə ki, dostlar, ailə üzvləri, iş yoldaşları və s. ilə gedəcəyiniz eyni istiqamətlərdə bu imkanı dəyərləndirə bilərsiniz. Nəticə etibarı ilə bu metod, tıxacın və karbon qazının ətrafa daha çox atılmasının qarşısını almağa da kömək edir.
Benzin qiymətlərini müqayisə edən proqramlarından istifadə edin
Benzin qiymətlərinin müqayisəsi proqramlarından istifadə etmək olduğunuz ərazidə ən ucuz benzin qiymətlərini tapmağa kömək edəcək.
Ev almaq üçün necə pula qənaət etmək olar?
Günümüzdə ev sahibi olmaq böyük məbləğlərə başa gəlsə də, əslində bunun da qənaətli yolları vardır.
Yüksək gəlirli əmanət hesabı açın
Yüksək faiz gəliri təklif edən banklara əmanət yerləşdirmək gəlirinizin əziyyət çəkmədən artması deməkdir. Belə ki, hər ay maaşınızdan müəyyən hissə avtomatik şəkildə əmanət hesabına köçürülərək, müəyyən balans formalaşmasını təmin edəcək.
Münasib kirayə evlər tapın
Əgər yaşadığınız evi icarəyə götürmüsünüzsə, kirayə haqqına qənaət etmək məqsədi ilə müvəqqəti olaraq, daha kiçik bir mənzilə köçməyi, yaxud yaşayış sahəsini pul qarşılığında başqa şəxslərlə paylaşmağı sınaqdan keçirə bilərsiniz.
Nəqliyyat xərclərinizə qənaət edin
Nəqliyyat xərcləri gözə bir o qədər böyük görünməsə də əslində, büdcədə müəyyən yer tutan xərclərdəndir. İctimai nəqliyyatdan, velosipeddən və s. istifadə etmək məqsədəuyğundur.
Xərclərinizi toplayın
Xərclərinizi mütəmadi olaraq toplamaq büdcənizi idarə etməyin ən effektiv yollarındandır.
Abunəlikləri ləğv edin
Bir müddət əvvəl sizin üçün aktual olan ancaq hazırda unutduğunuz, yaxud prioritet olmayan idman zalı, gözəllik salonları və s. kimi abunəlikləri yenidən nəzərdən keçirmək faydalı olacaqdır.
Həftəsonunda xərclərininizin artmamasına çalışın
Yorğun keçən iş həftəsindən sonra dincəlmək, əylənmək və s. kimi istəklər hamımızda yaranır. Ancaq çalışın istirahət günlərinizi müvəqqəti olaraq, israfa yol vermədən, nisbətən sərfəli şəkildə keçirəsiniz. Ancaq, qənaət etmək mütləqdir prinsipi ilə, həyat günlərinizin də ötüb keçməsinə göz yummayın. Sadəcə olaraq, daim ən sərfəli yolun olduğunu unutmayın.
Toy xərcləri zamanı necə pula qənaət etmək olar?
Kim deyir ki, xəyalınızdakı toy üçün böyük məbləğlərdə büdcə lazımdır? Təbii ki, bunun da yaradıcı və sərfəli yolu vardır.
Toy tarixi olaraq pik vaxtlardan kənar gün seçin
Tələbatın yüksək olmadığı tarixi seçməklə toy xərclərinə qənaət edə bilərsiniz. Eyni zamanda, təcrübə göstərir ki, bir il öncədən müəyyən tarixi seçməklə də, işin içərisindən ödəniş cəhətdən qazanclı çıxmaq mümkündür.
Dekor işlərini öz üzərinizə götürə bilərsiniz
Sevdiyiniz bəzək əşyalarını, dekor formasını və s. özünüz də dizayn edə, hazırlaya bilərsiniz. Bunun üçün hətta süni intellektin köməyindən də yararlanmaq işlərinizi daha da asanlaşdıracaq. Həmçinin, sırf istəklərinizə uyğun dekor hazırlamaq həm xərclərinizi azaldacaq, həm də ehtiyac olmayan digər kiçik xərclərdən sizi xilas edəcək. Bəzən bütöv dekoru sifariş edərkən tərkibinə sizin ehtiyacınız olmayan detallar da daxil ola bilir.
Məkan seçimini düzgün edin
Xüsusi şadlıq saraylarının qiymətləri hər ötən il getdikcə daha da bahalaşır. Əgər böyük dəbdəbə həvəskarı deyilsinizsə, biraz araşdırma apararaq, dəniz sahilində, yaşıllıq ərazilərdə və s. kimi yerlərdə uyğun məkan da tapa bilərsiniz.
Qonaq siyahısını məhdudlaşdırın
Toyda pula qənaət etməyin ən asan yollarından biri qonaqların siyahısını düzgün müəyyənləşdirməkdir. Çünki, hər adambaşına ödəniş etdiyinizi nəzərə alsaq, qonaq siyahınızda ən yaxın dostlarınızın və ailə üzvlərinizin olması daha məqsədəuyğundur.
Toy paltarını tikdirin və ya icarəyə götürün
Toy paltarları xüsusilə gəlinlik donlarının qiyməti olduqca yüksək olur. Bəzən isə təklif olunan seçimlər heç ürəyinizcə də olmaya bilir. Odur ki, markaların outlet təkliflərini dəyərləndirə, yaxud dərzinizə tikdirə və ya sadəcə kirayəyə götürə bilərsiniz.
Özəl içki təklif edin
Geniş çeşiddə bar menyusu əvəzinə spesifik olaraq təklif edəcəyiniz içki seçimi daha münasib başa gələcək. Bu üsulla xərclənəcək pula qənaət edə bilərsiniz.
Xörək menyusunu nəzərdən keçirin
Bəzən süfrəyə gələn geniş çeşidli yeməklərin yarısından çoxu elə masada qalır, yaxud, bəyənilmir. Buna görə də, öncədən menyuya göz gəzdirmək məqsədəuyğundur. Gələn qonaqlarınızın ağız dadına uyğun seçimlər etmək, oxşar xörəkləri menyudan çıxarmaq, əvəzinə fərqli seçimlər əlavə etmək olar. Yaxud da standartlardan uzaq, qonaqların sevə biləcəyi daha fərqli yemək də təklif edə bilərsiniz.
Bahalı DJ çağırmağı bir daha düşünün
Toyunuzda doyunca əylənmək istəyiniz olduqca təbiidir. Yaddaqalan keçən toy mərasimi bir ömür unudulmur. Əgər musiqi və rəqs həvəskarınızsa ən bahalı DJ çağırmaq əvəzinə əslində sosial mediada araşdırma apararaq, daha münasib qiymətə də DJ tapa bilərsiniz. Çünki, bəzən bu işlə pul qazanmaq üçün yox sadəcə əyləncə xatirinə məşğul olanlar da var. Hansı ki, onlar digərlərindən heç də geri qalmır və böyük ödəniş gözləntisi olmur. Yaxud da öz pleylistinizi tərtib edərək, səs sistemlərini icarəyə götürə və ya bəzi qonaqlarınızdan, dostlarınızdan sizə hədiyyə olaraq çıxış etmələrini xahiş edə bilərsiniz. Beləliklə, toyunuz daha yaddaqalan və undulmaz xatirələrə çevrilə bilər.
Hədiyyə kuponlarını və promo kodları dəyərləndirin
Adətən toy mərasiminə bir il ərzində hazırlaşırlar. Buna görə də, il ərzində dəftərxana ləvazimatları, əşyalar, dekor və aksessuarlar ilin müxtəlif vaxtlarında xüsusi kampaniyalarla satışa çıxarıla bilər. Bu kampaniyaları sosial mediada, mağazaları gəzərək və s. axtarıb tapın və mütləq dəyərləndirin.
Pula qənaət etməyin ən yaxşı yolu nədir?
Pula qənaət etməyin ən yaxşı yolu sizin yaşayış tərzinizə, vərdişlərinizə, xərclərinizə və ümumilikdə həyat şərtlərinizə uyğun metodun tətbiqidir. Özünüz üçün ən uyğun olan variantı müəyyən edərək, hədəflərinizə bir o qədər tez çata bilərsiniz. Pula qənaət etmək üçün ilkin və önəmli məqam onu vərdiş halına salmaqdır. Qənaət etməyi vərdiş halına gətirmək üçün isə bəzi nüanslara diqqət yetirək.
Məqsədlərinizi müəyyənləşdirin
Qənaət etmək üçün özünüzə motivasiyanızı artıran məqsədlər təyin edin. Məsələn, ev almaq, təhsil almaq, arzuladığınız tətilə getmək və s.
Büdcənizi formalaşdırın
Zəruri xərclərin yer aldığı büdcə siyahısı hazırlayın və həmin siyahıdan kənara çıxmamağı prioritetləşdirin.
Xərcləri azaldın
Pulunuzu necə xərclədiyinizi öyrənmək üçün büdcənin idarəolunması proqramlarından istifadə edərək, qənaət edə biləcəyiniz istiqmaətləri bir daha nəzərdən keçirin.
Qənaətinizi avtomatlaşdırın
Əməkhaqqınızdan əmanət hesabınıza və ya digər yatırımlarınıza birbaşa depozit ayırmağı avtomatlaşdırın. Bu işləri daha da asanlaşdıracaq.
Gəlirinizi artırmağa çalışın
Məsafədən işləməklə, xidmətlərinizi insanlara təklif etməklə, əlavə iş yeri axtarmaqla, müxtəlif məhsulların satışını həyata keçirmıklə və s. kimi yollarla gəlirinizi artıra bilərsiniz. Bu hədəflərinizə çatmağa yardımçı olacaq.
Nəticə
Son olaraq qeyd edək ki, pula qənaət etmək sadəcə sərvət toplamaqdan ibarət deyil. Bu, dəyərlərinizə və hədəflərinizə uyğunlaşan həyat tərzini yaratmaq, gələcəyə investisiya yatırmaq, sahib olduğunuz resursların dəyərini qoruyub saxlamaqdır. Zəngin şəxslər belə lüzumsuz xərclərdən uzaq qaçaraq, bu nüansı hər zaman əsas prinsip olaraq seçir. Məsələn, dünyanın ən varlı şəxslərindən biri olmasına baxmayaraq, Uorren Baffet olduqca qənaətcil həyat tərzi ilə tanınır. O, hələ də 1958-ci ildə aldığı evində yaşayır. Həyata bu cür sadə yanaşma tərzi göstərir ki, hətta ən uğurlu investorlar belə pula qənaət etməyin dəyərini dərk edirlər.
Həmçinin oxu – Kredit Kartı Necə İstifadə Edilməlidir? – Kredit Kartlarının Faydaları