Biznesİş fikirləri

Hansı kiçik biznes ideyaları ilə brendinizi yarada bilərsiniz?

Hansı kiçik biznes ideyaları ilə brendinizi yarada bilərsiniz?

Dünyaca məşhur markaların hər biri illər öncə kiçik biznes ideyaları şəklində idi. Hər bir brendin özünəməxsus inkişaf mərhələləri, hekayəsi vardır. Eniş və yoxuşların necə olmasından asılı olmayaraq, onların hər birini birləşdirən ümumi dəyərlər var. Addım-addım zirvəyə doğru getmək, daim inkişaf etmək, xidmətləri yüksəltmək və s. Əgər siz də öz markanızı yaratmaq, karyeranızda böyük uğurlara imza atmaq istəyirsinizsə elə bu gündən işə başlayın. Bəzən biznes sahibi olmaq böyük məbləğlərə başa gəlir deyə anlaşılır. Ancaq ideyanı günün tələblərinə uyğunlaşdırmaq, düzgün strategiya qurmaq, plan tərtib etmək, bazarı araşdırmaq, tövsiyələri dəyərləndirmək, səbrli davranmaq kimi nüanslara diqqət yetirərək, kiçik biznes ideyasını nəhəng markaya çevirmək mümkündür. 

Əgər ideya axtarışındasınızsa, hansı istiqamətə yönəlməkdə qərarsızsınızsa, sizin üçün kiçik biznes ideyaları ətrafında bəzi fəaliyyət növlərini bir araya topladıq. Unutmayın ki, biznes qurmaq fədakarlıq, yaradıcılıq və disiplinli fəaliyyət planı tələb edir. Biznes ideyası seçərkən bacarıqlarınızı, maraqlarınızı və bazar tələblərini nəzərə alın.

Hansı işlərlə biznes qurmaq olar?

Onlayn satış

Satış bacarıqlarınızın olduğunu düşünürsünüzsə, onlayn platformalarda ilkin təcrübələrinizə başlaya bilərsiniz. Buraya fərqli istiqamətlərdə satışlar daxil ola bilər.

  • İstifadə etmədiyiniz əşyalar, paltarlar, aksesuarlar 
  • Başqa firmalardan və bit bazarlarından ucuz qiymətə əldə edəcəyiniz məhsullar
  • Özünüzün hazırladığınız məhsullar (toxuculuq məhsulları, şirniyyatlar, dekorlar və s.) və s.

Müştəriləri cəlb edəcək formada onların diqqətini çəkərək, fərqli məhsulların satışını həyata keçirə bilərsiniz. Tap.az, lalafo, trendyol, amazon və s. kimi saytlarda, yaxud Instagram-da səhifə açaraq, həmçinin, öz saytınızı quraraq başlaya bilərsiniz. Adları çəkilən saytlarda paylaşım etmək, səhifə yaratmaq tamamilə pulsuzdur. Sadəcə sayt açarkən domen, hostinq almaq üçün müəyyən qədər ödəniş tələb oluna bilər. Zaman keçdikcə EdApp, UQualio, Udemy, Wiziq və s. kimi saytlarda pulsuz satış dərslərinə də qoşularaq, bacarıqlarınızı daha da artıra bilərsiniz. Bir müddət sonra isə şəxsi brendinizi yaratmağınız əlçatan olacaqdır.

Ev heyvanlarına nəzarət xidməti

Günümüzdə ev heyvanı sahiblənən şəxslərin sayı durmadan artır. Bəzən işlərin çoxluğu, biznes səyahətləri və s. kimi səbəblərdən dolayı həmin şəxslər ev heyvanlarına nəzarət edə biləcək köməkçilər axtarır. Əgər ev heyvanlarını sevirsinizsə, həmin heyvanlara nəzarət etmək xidmətinizi təklif edə bilərsiniz. Ev heyvanlarını qida ilə təmin etmək, qayğı göstərmək, biraz da əylənmək qulağa bir o qədər yorucu səslənmir. Onların qayğısına qalaraq, eyni zamanda onlayn şəkildə digər gəlir qazanmaq metodlarını da sınaqdan keçirə bilərsiniz. Beləliklə, eyni anda iki gəlir axınını təmin etməyiniz mümkündür.

Təmizlik xidməti

Əgər təmizliyi sevirsinizsə, bu işi asanlıqla biznesə çevirə bilərsiniz. Bir neçə nəfərdən ibarət işçi heyəti, təmizlik ləvazimatları və nəqliyyat vasitəsi ilə siz ev sahiblərinə, yaşayış komplekslərinə və kommersiya obyektlərinə təmizlik xidmətləri təklif edə bilərsiniz. Əksər təmizlik xidmətləri bir saat üçün 30-50 manatdan başlayan xidmət haqqı tələb edir. Bu isə evlərin ölçüsündən, yerləşdiyi ərazidən, görüləcək işlərdən və s. asılı olaraq dəyişə bilər. Özünüzü digər təmizlik xidmətlərindən fərqləndirmək istəyirsinizsə, əlavə ödəniş müqabilində döşəmə laklanması, xalça yuyulması və s. kimi seçimləri paketinizə əlavə edə bilərsiniz. 

Onlayn tədris

Müasir dövrdə elə bir sahə yoxdur ki, həmin istiqamətdə onlayn tədrisə ehtiyac olmasın. Məktəb dərslərindən tutmuş, toxuculuq, dizayn, marketinq və s. kimi sahələr üzrə müəllimlərə təlabat yüksəkdir. Onlayn tədrisin əlçatan, sürətli və daha münasib olduğunu nəzərə alsaq, bu istiqamət üzrə daha tez müştəri bazası toplamağın asan olduğunu söyləyə bilərik. Hətta əgər hər hansısa bir fənn, sahə üzrə bacarıqlı deyilsinizsə, bildiyiniz xarici dilləri tədris etməyi sınaqdan keçirin. 

Mühasibatlıq xidmətləri

Müasir dövrün imkanları təhsil istiqamətləri ilə yanaşı, bir çox mühasibat xidmətlərini də onlayn həyata keçirməyə imkan verir. Xarici şirkətlərdən tutmuş yerli brendlərə qədər bir çox qurumlara bu istiqamətdə xidmətlərinizi təklif edin. Xarici iş saytlarında CV-nizi yerləşdirə, vakansiyalara müraciət edə bilərsiniz.

Konsultasiya xidməti

Müəyyən bir sahə üzrə (məsələn, biznes, sosial media, marketinq, insan resursları, liderlik, kommunikasiya və s.) bacarıqlı olduğunuzu düşünürsünüzə və ən əsası bu işi sevirsinizsə, konsaltinq xidməti göstərmək gəlirli seçim ola bilər. Öz konsaltinq biznesinizə başlaya, daha sonra fəaliyyətinizi genişləndirə və zamanla digər məsləhətçiləri də işə götürə bilərsiniz.

Tibbi kuryer xidməti

Tibb xidmətlərinə təlabatın yüksək olduğunu və hazırda bu istiqamətdə bazarda perspektivlərin yüksək olduğunu nəzərə alsaq, tibbi kuryer olaraq çalışmaq olduqca ideal fikirdir. Avtomobiliniz və zamanı düzgün planlamaq bacarığınız varsa, öz tibbi kuryer xidmətinizi yaratmağa başlaya bilərsiniz. İnsanlara laboratoriya nümunələri, reseptlə verilən dərmanlar, avadanlıqlar və s. kimi tibbi əşyaların daşınmasını təklif edin. Zaman keçdikcə başqa sürücüləri də bu işə cəlb edərək, qazancınızı artıra bilərsiniz.

Frilans kontent yaratmaq

Mətn yazmaq kimi yaradıcılıq qabiliyətiniz varsa evinizdən, şəxsi ofisinizdən, hətta səyahətdə olarkən belə pul qazana bilərsiniz. Bunun üçün internet şəbəkəsinin və smartfon, planşet, daşınabilən kompüterdən sadəcə birinin üzərinizdə olması kifayətdir. Məzmun yaradıcılığına bloqlar, veb məzmunlar, press-relizlər, araşdırma yazıları, reklam mətnləri və s. daxil ola bilər. Müştərilərinizə hədəf auditoriyalarına uyğun kontent yaratmaq üçün isə SEO biliklərinizi inkişaf etdirmək önəmlidir.

Tərcümə xidməti

IBISWorld araşdırma şirkəti növbəti beş il ərzində tərcümə sektoru üçün böyük yüksəliş dinamikası proqnozlaşdırır. Bu proqnozlaşdırılan artım isə heç də, təəccüblü deyil. Çünki, internetdən istifadənin dünyanın hər bir nöqtəsinə yayılması, artıq kiçik iqtisadiyyatlara sahib ölkələrin də əksəriyyətinin bazarlara qoşulması sahibkarlara beynəlxalq dillərin vacibliyini xatırlatdı. Nəticə etibarı ilə tərcümə sektoru öz aktuallığını qoruyub saxlayır. Bu tendensiya poliqlotlara öz xidmətlərini təklif etməsi üçün geniş imkanlar yaratmışdır. Bir və yaxud daha çox dildə sərbəst danışırsınızsa, tərcümə xidmətləri sənayesində uğur qazana bilərsiniz.

Rəqəmsal marketinq xidmətləri

Müasir dövrdə bizneslərin uğur sirrlərindən biri fəaliyyətlərini rəqəmsal dünyaya inteqrasiya etməsidir. Sosial media hesablarının düzgün idarə olunmasından başlayaraq, Google axtarış sistemlərində ön sıralarda çıxmağa qədər əldə olunan nəticələr, hətta müştərilərdən gələn geri dönüş fikirləri belə əksərən rəqəmsal marketinq mütəxəssislərinin əl əməyidir. Əgər marketinq planlarını dəqiqliklə strategiyalaşdırmaq və həyata keçirməkdən zövq alırsınızsa, rəqəmsal marketinq sizin üçün doğru biznes ideyaları arasında ilk sırada ola bilər. Bunun üçün Udemy kimi platformalarda bilik və bacarıqlarınızı daha da dərinləşdirib, işinizi böyüdə bilərsiniz.

Dizayn xidmətləri

Kiçik şirkətlərdən tutmuş, fərdi sahibkarlara, nəhəng korporasiyalara qədər hər bir brendin göz oxşayan reklam materiallarına ehtiyacı daim yüksəkdir. Əgər bədii yaradıcılığınız varsa və məzmunu valehedici şəkildə vizuallaşdıra bilirsinizsə, elə bu gündən işinizi böyütməyə başlayın. Portfolionuzu yaradaraq, müxtəlif frilans işlərə müraciət etməyə başlayın. 

Dizaynın qrafik, interyer, veb və s. kimi növləri vardır. Maraq dairənizə uyğun istiqaməti seçib peşəkar dizayner olaraq, öz biznes ideyaları ətrafında fəaliyyətini genişləndirən şəxslərin siyahısına qoşulun.

Foto və videoların çəkilməsi, montajı

Sahib olduğumuz smartfonlar sayəsində hər birimiz müxtəlif şəkil və videolar çəkərək, paylaşırıq. Yaxud xatirə olaraq saxlayırıq. Ancaq etiraf etmək laızmdır ki, aramızda bu işi peşəkarcasına bacaranlar da vardır. Hansı ki, eyni nöqtəyə baxan iki nəfərdən birinin çəkdiyi şəkil, video daha dərin məna ifadə edər, keyfiyyətli formata sahib olar. Əgər siz də bu kateqoriyaya daxilsinizsə elə bu gündən özünüzə sosial media səhifələri yaradaraq, fəaliyyətə başlayın. Hətta foto və video məzmunları sata biləcəyiniz saytlarda da qeydiyyatdan keçməyi unutmayın. 

Daşınabilən mağaza

Yəqin ki, küçədə gəzərkən tez-tez fərqli vizuallarla, rəsmlərlə bəzədilmiş maşınlarda kofe, çay, burger, dondurma və s. kimi qida və içkilərin satışı ilə qarşılaşmısınız. Müştərilərə xüsusi reseptlərlə hazırladığınız məhsulları satmaq kiçik biznes ideyası olaraq uğurlu seçimdir. Bu sizi bazarda fərqləndirən və nisbətən daha az xərcinizin çıxacağı biznes fürsətidir. Eyni zamanda daşınabilən mağazanızda fərqli aksesuarlar, əşyalar, kitablar və s. təklif edə bilərsiniz.

Taksi xidməti

Əgər müştərilərinizi rahat şəkildə ünvana çatdıra biləcək avtomobiliniz varsa, həmçinin, bu işlə məşğul olmağa həvəsiniz varsa, Bolt, Uber, Yango və s. kimi taksi şirkətlərində fəaliyyət göstərə bilərsiniz. Müvafiq şirkətlərin fəaliyyət sistemi sizin işləmək istədiyiniz saatlar üzərində qurulub. Yəni istədiyiniz vaxtda proqramı açaraq çalışa, istəmədiyiniz saatlarda işləməyə bilərsiniz. Öz taksi brendinizi yaradana qədər həm sahə üzrə təcrübənizin olması həm də bir müddətlik gəlirinizi artırmaq üçün effektiv biznes ideyası ola bilər.

Mənzil satışı, kirayəsi xidməti

Bir çox insanlar üçün mənzil bazarına keçid etmək başgicəlləndirici gəlir. Daşınmaz əmlak agenti olaraq, insanlara xəyal etdikləri evi büdcələrinə uyğun qiymətə tapmağa kömək edə bilərsiniz. Bunun üçün satış, ünsiyyət bacarıqlarınızı gücləndirmək və bazarı araşdırmağınız lazımdır. 

İdman xidmətləri

İdman bacarıqlarınız varsa və zal sizin ikinci eviniz kimidirsə, təcrübənizin bir hissəsini bölüşərək, insanların fitnes məqsədlərinə çatmasına dəstək ola bilərsiniz. Şəxsi məşqçi olaraq fəaliyyət göstərmək, müştərilərə fərdiləşdirilmiş qidalanma proqramı yaratmaq, düzgün idman hərəkətlərini izah etmək və s. kimi xidmətlər göstərməyiniz mümkündür. Müasir dövrdə sosial media hesabları vasitəsi ilə bu sahə üzrə biznes qurmaq olduqca əlçatandır.

Podkastlar yaratmaq

Dünyada milyonlarla podkast dinləyiciləri var. Ölkəmizdə də podkast dinləmək getdikcə daha çox populyarlaşır. Biznesdən tutmuş tarix, sağlamlıq, filmlər, mədəniyyət və s. kimi mövzularda audio kontentlər yarada bilərsiniz. Məsələn, Spotify şəbəkəsi bunun üçün ideal mənbə ola bilər. Zaman keçdikcə bu xidməti ödəniş müqabilində müxtəlif şirkətlər üçün icra edə yaxud da öz materiallarınızda reklam hissələrinə yer verə bilərsiniz.

Mobil tətbiqlər, oyunlar yaratmaq

Müasir dövrdə internetdən istifadənin aktuallığını nəzərə alsaq, həmçinin, mobil tətbiqlərə, oyun proqramlarına olan maraq səviyyəsinin yüksək olması bu istiqamət üzrə böyük gəlirlər qazana biləcəyinizdən xəbər verir. Odur ki, biznes ideyaları fonunda İT bacarıqlarınızı brend modelinə çevirmək fürsətini mütləq dəyərləndirin. Bilmədiyiniz nüansları isə müxtəlif platformalarda müvafiq sahə üzrə onlayn dərslərdən yararlanaraq, əldə edə bilərsiniz.

Həyat kouçu, psixoloq xidməti

Getdikcə rəqəmsallaşan dünyamızda insanların mənəvi dünyasından uzaqlaşması daha çox müşahidə olunur. Bu isə əlavə stresə, depresiyaya, tez-tez əhval pozulmasına və s. səbəb olur. Ümumiyyətlə isə, həyatımızda hadisələrin öz axarında gedib-getməməsindən asılı olmayaraq, hər zaman psixoloq, həyat kouçlarının xidmətlərindən yararlanmaqda fayda var. Odur ki, bu istiqamət üzrə bacarıqlarınız varsa, onlayn şəkildə xidmətlərinizi sataraq, sosial media kanalları vasitəsi ilə müvafiq biznes ideyaları fonunda şəxsi markanızı yarada bilərsiniz.

Ən yüksək maaşlı sərbəst rejimli işlər

Sərbəst rejimdə və olduğunuz hər yerdən çalışa biləcəyiniz, həmçinin, gələcəkdə sizə biznes ideyaları baxımdan perspektivli olacaq, brendinizi yaratmağa kömək edəcək ixtisasların bəzilərini təqdim edirik.

  • Veb dizayner
  • Qrafik dizayner
  • İnteryer dizayner
  • İT
  • Marketinq mütəxəssisi
  • Mühasib
  • Məzmun yaradıcısı
  • Sosial media mütəxəssisi
  • Kopirayter
  • Biznes məsləhətçisi
  • İnsan resursları üzrə məsləhətçi
  • Video redaktor
  • Veb developer
  • Maliyyə məsləhətçisi
  • Proqram təminatı üzrə mütəxəssis
  • Moda məsləhətçisi
  • Psixoloq
  • Rəssam
  • Memar

Nəticə (Biznes ideyaları)

Yuxarıda sadalanılanlarla yanaşı, ilkin addımlar atmaq üçün minlərlə kiçik biznes ideyaları siyahısını yaratmaq olar. Elə bir sahə, ixtisas, fəaliyyət növü yoxdur ki, o istiqamət üzrə bacarıqları artıraraq, xüsusi bir brend yaratmaq mümkün olmasın. Daim öz üzərinizdə işləyərək, inkişaf edərək, araşdırmalar apararaq, böyük uğurlara imza atmaq mümkündür. İstənilən sahə üzrə bacarıqları artırmaq üçün müxtəlif pulsuz və ya kiçik ödənişlər müqabilində kurslar, saytlar fəaliyyət göstərir. Məsələn, Udemy platforması bunun üçün ideal mənbələrdən biridir.

Həmçinin oxu – Pula qənaət etmək üçün ən effektiv yollar! -Forbes-dən 5 tövsiyə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button