BiznesÜmumiXəbərlər

Birja nədir? – Növləri, Üstünlükləri

Birja nədir? – Növləri, Üstünlükləri Haqqında Araşdırma Məqalə!

Müəllif – Aida İsaq, budcedostu.az

Birja qlobal maliyyə sistemlərində aparılan əməliyyatlar zamanı hərəkətverici qüvvə rolunda çıxış edir. Birjalar müxtəlif maliyyə aktivlərinin alqı-satqısının həyata keçirildiyi mütəşəkkil platformalar olaraq, investorlar və treyderlər üçün geniş imkanlar yaradır. 

Tarixin qədim dövrlərindən bu yana birja daim cəmiyyətin inkişafı ilə paralel olaraq formalaşmışdır. Zaman keçdikcə müxtəlif inkişaf dövrləri keçmiş və nəhayət müasir formaya gəlib çatmışdır. İlk birjalar bazarlar şəklində görünməyə başlamışdır. Texnologiyanın inkişafı sayəsində günümüzdə birjalar elektron formada da həyata keçirilə bilir. Hazırda birjalar dünya iqtisadiyyatının nəbzini tutan və qlobal maliyyə axınlarını idarə edən əsas mərkəzlərdən biridir.

Birja nədir?

Birja qiymətli kağızların, valyutaların, əmtəələrin və digər maliyyə alətlərinin alqı-satqısının həyata keçirildiyi bazardır. İnvestorlar və şirkətlər kapital cəlb etmək və sərmayə yatırmaq üçün bu ortaq nöqtədə görüşür. Birjada əməliyyatların həyata keçirilməsi fiziki və hüquqi şəxslərin iştirakı ilə ümumi qanunvericiliyin tələblərinə uyğun şəkildə tənzimlənir. Birja dövlət qeydiyyatından keçdiyi andan etibarən hüquqi şəxs statusunu əldə edir. Birjaların yaradılmasında dövlət orqanları, banklar, sığorta və investisiya şirkətləri və fondları, ictimai, dini və xeyriyyəçi təşkilatlar və qurumlar iştirak edə bilməzlər. Birja ticarəti aparmaq üçün lisenziya əldə etdikdən sonra isə birja sövdələşmələri aparıla bilər. 

Birja əqdi nədir? – Birja nədir?

Birja sövdələşmələri zamanı birja əmtəəsi üzrə ticarət iştirakçıları arasında (öz adlarına və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və müəyyən qaydada qeydiyyatdan keçilmiş müqavilədir. Əqdlərin xarakteri birjalar əsasında müəyyənləşir. Əqdlər şifahi formada da bağlana bilər ki, bu əqdlər birja ticarəti başa çatdıqdan sonra yazılı formada rəsmiləşdirilən müqavilələrlə bərabər götürülür.

Birja ticarəti nədir? – Birja nədir?

Birja ticarətində müxtəlif maliyyə aktivlərinin (səhmlər, istiqrazlar, əmtəələr, valyutalar və kriptovalyutalar) alqı-satqısı həyata keçirilir. Burada bütün əməliyyatlar birja fəaliyyətləri üzrə ixtisaslaşmış və peşəkar vasitəçilər, yəni brokerlər tərəfindən icra olunur. Bu vasitəçilər əsasən broker adlansa da, onları bəzən birja makleri, kurtye, komisyonçu, market-meyker, diler kimi də adlandırırlar.

Müasir birjalar əsasən elektron formada fəaliyyət göstərir ki, bu da səmərəli və sürətli ticarəti təmin edir. Birja ticarəti zamanı proseslər əməliyyatların təhlükəsizliyinə və şəffaflığına zəmanət verən qayda-qanunlar və nəzarət sistemləri ilə tənzimlənir.

Birja ticarəti iştirakçıları kimdir? – Birja nədir?

Birja ticarətlərində iştirak hüququ olan şəxslər birja ticarətinin iştirakçıları adlanır.  Birja ticarəti iştirakçılarının tərkibi qəbul edilmiş qanunvericilik aktlarından və birjanın növündən aslı olaraq müəyyənləşdirilir. Birja ticarəti zamanı iştirak edən şəxsləri təqribi aşağıdakı şəkildə qruplaşdırmaq olar:  

  • Müqaviləyə imza atcaq şəxslər; 
  • Müqavilə imzalanmasını təşkil edən şəxslər; 
  • Birja ticarətinin gedişatına nəzarət edən şəxslər; 
  • Birja tcarətinin gedişatını müşahidə edən şəxslər.

Birja növləri – Birja nədir?

Birja iş xüsusiyyətlərinə, strukturuna, hüquqi vəziyyətinə, həmçinin digər təsnifləşdirilmə istiqamətlərinə görə müxtəlif qruplara ayrılır. 

  • birja əmtəəsinin növü; 
  • təşkilolunma prinsipi (birjanın təşkilində dövlətin rolu); 
  • hüquqi vəziyyəti (birjanın statusu); 
  • birja ticarəti iştirakçıları; 
  • birja ticarətinin obyekti olan əmtəələrin tərkibi; 
  • beynəlxalq ticarətdə yeri və rolu; 
  • fəaliyyət dairəsi; 
  • birja əqdlərinin üstünlük təşkil edən növü. 

Birja əmtəəsinin növləri

Beynəlxalq təcrübədə əmtəənin növündən asılı olaraq birjanın əmtəə (əmtəə-xammal), fond və valyuta kimi növləri var.

Əmtəə birjası nədir?

Əmtəə birjası hüquqi şəxs statusuna malik olan bir təşkilatdır. Bu təşkilat, müəyyən edilmiş birja qaydalarına uyğun olaraq əvvəlcədən təyin olunmuş yerdə və vaxtda açıq kütləvi sövdələşmələr şəklində topdansatış ticarət bazarını təşkil etmək məqsədilə yaradılır.

Fond birjası nədir?

Fond birjası dövlət qiymətli kağızları, korporativ qiymətli kağızlar və törəmə maliyyə alətləri bazarlarının ticarətini təşkil edir. Fond birjaları daim fəaliyyət göstərən və tənzimlənən qiymətli kağızlar bazarıdır. Bu bazar, maliyyə vəsaitlərinin səfərbər edilməsinə və onların uzunmüddətli investisiyalar, istehsalatda, dövlət proqramları və borclar üçün istifadə olunmasına şərait yaradır. 

Azərbaycanda fond birjası – Birja nədir?

Azərbaycanda birja ticarəti aparan, daha doğrusu hazırda Azərbaycan Respublikası ərazisində fond birjasını həyata keçirən yeganə qurum Bakı Fond Birjasıdır.

Azərbaycanda fond birjasının vəzifələri aşağıdakılardır:

  • təşkil etdiyi ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi;
  • öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi;
  • qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi;
  • ticarət sistemlərinin istismarı və dəstəklənməsi;
  • qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili;
  • fond birjasında ticarətə qəbul edilən törəmə maliyyə alətlərinə, qiymətli kağızlara və onların emitentlərinə tələblərin müəyyən edilməsi;
  • öz üzvlərinə fond birjasında ticarət aparmaq üçün ticarət sistemlərinə çıxış verilməsi;
  • ticarət sistemində bağlanmış əqdlərin monitorinqinin aparılması;
  • öz üzvlərinin fond birjasında fəaliyyəti ilə bağlı maliyyə vəziyyətinin monitorinqinin aparılması.

Valyuta birjası nədir?

Valyuta birjası, müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı ticarət mərkəzidir. Bu birjalarda dollar, avro, yen kimi dünya valyutalarının ticarəti aparılır. Valyuta birjaları, valyuta məzənnələrinin müəyyən edilməsində və valyuta əməliyyatlarının həyata keçirilməsində mühüm rol oynayır.

Təşkilolunma prinsipinə görə birja növləri

Təşkilolunma qaydasına görə birja aşağıdak növlərə ayrılır:

  • kütləvi-hüquqi (dövlət birjaları); 
  • xüsusi-hüquqi (xüsusi birjalar); 
  • qarışıq birjalar. 

Kütləvi-hüquqi – dövlət birjaları nədir?

Kütləvi-hüquqi xarakterli birjalar dövlətin müəyyənləşdirdiyi qanunvericilik əsasında yaradılır. Bu birjalara müəyyən dövriyyəsi olan və ticarət reyestrinə daxil edilmiş bölgənin hər bir sahibkarı üzv ola bilər. Üzv olmayan şəxslər də birdəfəlik biletlər alaraq əqdlər bağlaya bilərlər. Birjanın bu növü daha çox Avropada, xüsusən Fransa, Belçika və Hollandiyada geniş şəkildə tətbiq olunur.

Xüsusi-hüquqi – xüsusi birjalar nədir?

Xüsusi birja hər bir üzvü ən azı bir paya (sertifikata) sahib və məhdud dairədə şəxslər üçün açıq olan birja növüdür. Bu sertifikatlar üzvlərin əqd bağlamaq hüququnun göstəricisidir. Bu təcrübə daha çox İngiltərə və ABŞ birja bazarları üçün xarakterikdir. 

Qarışıq birjalar nədir?

Fond birjaları arasında qarışıq birjalara daha çox rast gəlinir. Bu birjalarda səhmlərin bir hissəsi dövlətə məxsus olur. Belə olduğu halda isə icra hakimiyyətinin nümayəndələri birjanın fəaliyyətinə nəzarət etmək hüququ verilir.

Hüquqi vəziyyətinə görə birja növləri

Təşkilolunma formasına görə birjalar səhmdar cəmiyyətləri və ya məhdud məsuliyyətli cəmiyyət olaraq ayırd edilir.

Birja ticarəti iştirakçılarına görə birja növləri

Ticarətə iştirakçılarına görə birjalar qapalı və açıq olmaqla iki yerə ayrılır. 

Qapalı birja nədir?

Qapalı birja əməliyyatlarında ticarət işləri yalnız birja üzvləri vasitəsilə həyata keçirilir. Eyni zamanda, açıq birjadan fərqli olaraq burada alıcılar və satıcılar birbaşa birja zalına daxil ola bilməzlər. Qapalı birja daha çox tərəflər arasında etimadın qorunmasına, maraqların təmin edilməsinə və işgüzar əlaqələrin formalaşdırılmasına xidmət edir.

Açıq birja nədir?

Açıq birja ticarətində daimi üzvlər, birja vasitəçiləri ilə yanaşı, birjaya gələnlər də burada iştirak edə bilərlər. Açıq birjalar daha çox reklam etmək funksiyası daşıyır və ümumilikdə ticarəti canlandırmaq məqsədilə həyata keçirilir.

Əmtəələrin tərkibinə görə birja növləri

Bu kateqoriya üzrə birjalar universal (ümumi tipli) və ixtisaslaşmış birja növlərinə ayrılır.

Universal birja nədir?

Universal birjalarda müxtəlif növ əmtəələrin ticarəti həyata keçirilir. 

İxtisaslaşmış birja nədir?

İxtisaslaşmış birjalar isə yalnız bir növ əmtəə və ya əmtəə qrupları üzrə ixtisaslaşır.

Beynəlxalq ticarətdə yeri və roluna görə birja növləri

Dünya ticarətində birjaların yeri və rolu, yerinə yetirdikləri funksiyalar və bazar istiqamətləri nəzərə alınaraq, onlar beynəlxalq və milli birjalara ayrılırlar.

Beynəlxalq birjalar nədir?

Beynəlxalq birjalar qlobal səviyyədə bir çox dövlətin iştirakı ilə həyata keçiriləm topdansatış bazarının bir növüdür. Beynəlxalq birja əməliyyatlarından əldə olunan gəlir sərbəst şəkildə köçürülə bilir. Burada spekulyativ (arbitraj) əqdlər bağlanır, bu da müxtəlif ölkələrin birjalarında kotirovka qiymətlərinin fərqindən gəlir əldə etməyə şərait yaradır.

Milli birja nədir?

Milli birjalar müəyyən bir ölkənin sərhədləri daxilində fəaliyyət göstərir və həmin ölkənin istehsal, əmtəə dövriyyəsi və istehlak xüsusiyyətlərini özündə ehtiva edir.

Fəaliyyət dairəsinə görə birja növləri 

Fəaliyyət dairəsinə görə, birjalar mərkəzi, regionlararası və regional birjalar olaraq qruplaşdırılır.

Birja əqdlərinə görə birja növləri 

Birja əqdlərinə görə birja aşağıdakı növlərə ayrılır.

  • real əmtəə; 
  • fyuçers; 
  • opsion;
  • qarışıq.

Real əmtəə birjası nədir?

Bəzi mütəxəssislər real əmtəə birjasının dövrünü bitmiş hesab edir. Çünki təcrübə göstərir ki, hazırda iqtisadiyyatı inkişaf etmiş ölkələrdə bu birja növünə bir o qədər də üstünlük verilmir. Real əmtəə birjası ticarətin təkrarlanmasının daimiliyini, ticarətin müəyyən yerdə keçirilməsini və müəyyənləşdirilmiş qaydalara tabeliliyini, kütləvi, bir-birinə oxşayan, keyfiyyətinə görə müqayisə oluna bilən əmtəələrlə ticarətini özündə ehtiva edir.

Fyuçers birja nədir?

Birja ticarət bazarının inkişafı fyuçers birjasının formalaşmasına, həmçinin böyüməsinə zəmin yaratdı. Fyuçers birjaları əksər hallarda pul ehtiyatlarının daha çox cəmləşdiyi aparıcı maliyyə mərkəzlərində yaradılır. Fyuçers birjası fond, valyuta və əmtəə bazarlarında qiymətlərin formalaşmasında birbaşa rol oynayır. Bu birja kotirovkalarına, real əmtəə ilə konkret əqdlərin faktiki qiymətlərinə, həmçinin rəqabət qabliyyətliliyinə əhəmiyyətli təsir göstərir.

Opsion birja nədir?

Opsion birja ticarəti iştirakçıların sığortalanmasının gücləndirilməsini özündə ehtiva edir.

Qarışıq birja nədir?

Qarışıq birja adından da məlum olduğu kimi, bir çox birja növlərinin birgə həyata keçirilməsini özündə cəmləşdirir.

Kriptovalyuta birjası nədir? – Birja nədir?

Müasir dövrün maliyyə bazarlarında müşahidə olunan ən son yeniliklərdən biri də kriptovalyuta bazarlarının aktuallaşması oldu. Kriptovalyuta birjalarında adından da məlum olduğu kimi, kriptovalyutaların alışı, satışı və mübadiləsi həyata keçirilir. Ənənəvi birjalardan fərqli üstünlüklərindən biri kriptovalyuta birjasının həftənin yeddi günü 24 saat aktiv olmasıdır. Kriptovalyuta birjasının iki növü vardır:

  • Mərkəzləşdirilmiş kriptovalyuta birjası
  • Mərkəzləşdirilməmiş kriptovalyuta birjası

Mərkəzləşdirilməmiş kriptovalyuta birjası nədir?

Mərkəzləşdirilməmiş kriptovalyuta birjaları mərkəzi orqan olmadan fəaliyyət göstəriir. Beləliklə, bu birjada yalnız alıcıların və satıcıların əlaqə qurması şərait yaradılır. Bu birja növü əməliyyatları asanlaşdırmaq üçün kiminsə ehtiyacı olmadan rəqəmsal valyutaların “peer-to-peer” ticarətinə imkan verir. Burada, həmçinin istifadəçilər əksər rəqəmsal valyutaların mərkəzləşdirilməmiş strukturlarına daha sürətli uyğunlaşır. Eyni zamanda, istifadəçilər aktivləri birbaşa digər istifadəçilərə köçürdükləri üçün, aktivlərin birjaya köçürmək ehtiyacı aradan qalxır. Beləliklə, fırıldaqçılıq və oğurluq hallarının qarşısı da nisbətən alınmış olur.

Mərkəzləşdirilmiş kriptovalyuta birjası nədir?

Mərkəzləşdirilmiş kriptovalyuta birjaları əlaqəli ticarət mühitinə üstünlük verən, müştərilər arasında kriptovalyuta mübadiləsini asanlaşdıran onlayn ticarət platformalarıdır. Mərkəzləşdirilmiş birjalarda istifadəçilər bir-biri ilə birbaşa əlaqə qurmur. Burada birja istifadəçilər üçün mübadilə işlərini aparır.

Birja ticarətinin üstünlükləri – Birja nədir?

Likvidlik: Birja ticarətləri investorlar üçün aktivlərini daha az itki ilə və sürətli, rahat şəkildə satmağa imkan yaradır.

Şəffaflıq: Birja ticarətləri zamanı əməliyyatlar açıq şəkildə həyata keçirilir və məlumatlar ictimaiyyətə açıq olur.

Tənzimləmə və təhlükəsizlik: Birja ticarətləri qanunla tənzimlənir və onlara ciddi şəkildə nəzarət olunur. Nəticədə əməliyyatların təhlükəsizliyi təmin olunur və bazar manipulyasiyalarının qarşısı alınır.

Diverifikasiya imkanları: Birja ticarəti investorların portfellərini diversifikasiya etmələrinə və risklərini azaltmalarına imkan yaradır.

Qiymətlərin idarə olunması: Birja ticarəti aktivlərin bazar qiymətlərinin formalaşmasında aparıcı rol oynayır. Təklif və tələbin qarşılıqlı təsiri fonunda qiymətlər formalaşır.

Geniş investisiya imkanları: Birja ticarəti kiçik və böyük investorlara müxtəlif maliyyə alətlərinə sərmayə yatırmağa şərait yaradır.

Ticarət saatları: Birja ticarəti müəyyənləşdirilmiş saatlarda həyata keçirilir ki, bu, bazar iştirakçılarına əməliyyatlarını planlaşdırmağa və idarə etməyə imkan verir.

Texnoloji alətlərlə təminat: Günümüzdə birja ticarəti müasir dövrün texnoloji tələbləri ilə ayaqlaşır ki, nəticədə, əməliyyatlar daha sürətli və səmərəli şəkildə həyata keçirilir.

Sonluq

Birjaların müxtəlif növləri və onların fəaliyyət mexanizmləri, bazar iştirakçılarının qərar qəbul etmə prosesində mühüm rol oynayır. Həmçinin ənəvidən tutmuş onlayna qədər bütün ticarət əməliyyatlarını stimullaşdırır və canlandırır. 

Həmçinin oxu – Marja nədir? – Növləri, Üstünlükləri

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button